“Alpinistlərimizi tanıyaq” – 1-ci söhbət



“Alpinistlərimizi tanıyaq” – 1-ci söhbət

Hörmətli media nümayəndələri!

Alpinizm idman növü hələ ölkəmizdə kifayət qədər populyarlaşmasa da, artıq bizim idmançılarımızı dünya miqyasında tanımağa başlayıblar. Artıq Azərbaycan alpinistlərinin səsi-sorağı çox nüfuzlu beynəlxalq yarışlardan gəlir. İdmançılarımız ildən-ilə daha artıq uğurlar əldə edir, dövlətimizin, vətənimizin adını yüksək tribunalardan eşitdirir, ölkəyə çoxlu sayda medallarla qayıdırlar.Bəs cəmiyyətimiz necə; bu fədakar vətən övladlarını yetərincə tanıyırlarmı?Azərbaycan Alpinizm Federasiyasının mətbuat xidmətinin bu gündən etibarən sizlərin ixtiyarına buraxacağı “Alpinistlərimizi tanıyaq” adlı silsilə yazıların yazılmasında da məqsəd, Azərbaycan bayrağını sözün əsl mənasında zirvələrə, dünyanın ən uca nöqtələrinə yüksəltmiş idmançılarımızı cəmiyyətimizə tanıtmaqdır.İlk olaraq, onlardan biri – Rüfət Qocayevlə tanış olacağıq.Rüfət Qocayev: 1978-ci ildə anadan olub. 1999-cu ildə Azərbaycan İqtisadiyyat Universitetini bitirib. Uşaqlıqdan müxtəlif idman növləri ilə məşğul olub. Pauerliftinq üzrə yarışlarda iştirak edib. 2005-ci ildən alpinizmlə məşğul olmağa başlayıb.X X X Rüfətlə ilk dəfə Azərbaycanın “Beşbarmaq” dağ massivində mərhim alpinist Akif Rüstəmovun xatirəsinə həsr olunmuş Təbii Qayalara dırmanma üzrə açıq turnirdə tanış olmuşam. Heç yadımdan çıxmaz, kim olduğunu soruşanda Rüfət “alpinistlərin şoferiyəm” demişdi. Bunu o qədər sakit və ciddi tərzdə demişdi ki, həqiqətən inanmışdım. İnanmağa əsas da vardı: axı həmin turnirdə Rüfət doğrudan da sürücü missiyası yerinə yetirirdi: o qədər də asan olmayan enişli-yoxuşlu dağ yollarında turnirə gələn qonaqları, jurnalistləri maşınla məhz Rüfət aparıb-gətirirdi. Və turnirin davam etdiyi iki gün ərzində mən onu elə alpinistlərin sürücüsü olaraq tanıdım...Bir müddət sonra Azərbaycan alpinizminin yaxın tarixini araşdırmağa başladım. Bu idman növündə kifayət qədər uğur qazanmış Rüfət Qocayev adını görəndə çaşdım: bu, görəsən həmin Rüfətdir? Yəni o “alpinistlərin şoferi” Rüfət?Dəqiqləşdirdim. Bəli, elə həmin Rüfət imiş.“Alpinistlərin şoferi”nin məlum nailiyyətləri, üstəgəl bu təvazökarlığını görəndə, Rüfətin kim olduğunu bildim...Çox danışmağı xoşlamır, ancaq xahiş edəndə, konkret də olsa hər bir suala cavab verir. Elə isə, qoy özü danışsın:“Qafqazda və Pamirdə bir necə uğurlu dırmanmalarımız olub. 2010-cu ildə Elbrus zirvəsinə, 2012-ci ildə Arkin marsrutu üzrə Lenin pikinə, Kommunizm və Korjeneva piklərinə dırmanmışıq. 2012-ci ildə bir ay ərzində hündürlüyü yeddi min metrdən çox olan üç zirvəni fəth edə bilmişəm”.“Keçən il hündürlüyü yeddi min metrdən çox olan iki zirvəni fəth etməyi planlaşdırmışdım. Qismət belə gətirdi ki, iki yox, üç zirvəni qısa bir müddət ərzində fəth edə bildim. Birinci Lenin piki idi. İki nəfər idik onda – İsmayıl Əsgərov və mən. Keçən il Lenin pikində Azərbaycanın milli komandası tərkibində idim. Yürüş Arkin marşrutu üzərindən keçmişdi. Bu dəfə isə klassik marşrut üzrə getmişdik. Uğurlu dırmanmadan sonra İsmayıl Bakiya qayıtdı, mən isə Tacikistana yola düşdüm və Kommunizm zirvəsini fəth etmək üçün milli komandamızın sıralarına qatıldım. Komanda ilə birgə Korjeneva və Kommunizm zirvələrini fəth etdik”.Rüfətdən xahiş etdim ki, alpinist yürüşləri zamanı yaddaqalan məqamlardan, maraqlı xatirələrdən birini danışsın.“O qədər maraqlı xatirələr var ki...” deyib, bir az fikirləşəndən sonra danışdı.“2009-cu ildə Heydər zirvəsinə qaya marşrutu üzrə dırmanmanı həyata keçirmişdik. Komanda səkkiz nəfərdən ibarət idi. Qışda bu marşrutu bizdən öncə keçən olmamışdı. Baza düşərgəmizə axşam qayıtmağı planlaşdırırdıq, lakin qayalarda hərəkət çox çətin idi və yürüşümüz çox vaxt aparırdı. Qaranlıq düşəndə zirvəyə qalan məsafə çox böyük idi. Biz hərəkətimizə fanarlarla davam etməli olduq. Xoşbəxtlikdən hava sakit idi, Ay işığı ətrafı işıqlandırırdı, amma güclü şaxta var idi. Zirvəyə 02:30-da qalxa bildik. Baza düşərgəsinə saat 06:00-da qayıtdıq. Orada hamı çox nigaran idi. Dırmanmamız 24 saat çəkdi”.Bəlkə də bizim üçün çox maraqlı, “adrenalin” yaşadan hislər və söhbətlər Rüfət kimi alpinistlər üçün adi bir şeydir. Rüfət söhbətin üstündən tez keçir, nədənsə danışmaq istəmir...Ancaq onun danışmaq istəmədikləri mənim yazmaq istədiklərimdir. Çünki bu xatirələr təkcə bir insanın taleyi ilə bağlı deyil, həm də Azərbaycan idman tarixinin salnaməsinin vərəqlərinə yazılacaq anlardır.Bu yazı sadəcə tanıtım və informasiya xarakterli olduğu üçün geniş olmayacaq. Amma bəlkə də nə vaxtsa yazılacaq geniş yazıların, bədii əsərlərin əsasını təşkil edəcək...


                                                          Rüfət Qocayev Elbrus 2013 
                                                        
                                      










                                                                İsmayıl Əsgərov







Material Facebook saytından götürulmüşdü